Son illərdə yerli sığorta sektorunda baş verən müsbət dəyişikliklər bizim hamımızı sevindirir. Aparılan çoxşaxəli islahatlar, o cümlədən müxtəlif qanunvericilik və normativ sənədlərinin təkmilləşdirilməsi, sığorta şirkətlərinin korporativ idarəetmə standartlarına yenidən baxılması, şirkətlər tərəfindən biznes strategiyaların günün tələblərinə uyğun yenidən hazırlanması, maarifləndirmə və təbliğat kompaniyalarının canlandırılması kimi görülən işləri buna misal gətirmək olar. Görülən işlərin nəticəsi olaraq, 2023-cü ilin sonunda ilk dəfə yerli sığorta bazarında toplanan sığorta haqqlarının həcmi bir milyard manatı ötmüşdür ki, bu da sığorta sektorunun ÜDM-də 1% paya sahib olması deməkdir. Göstərilən nəticənin mövcud bazarın potensialından aşağı olmasını nəzərə alaraq, bu göstəricilərin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi sığorta cəmiyyətinin qarşısında duran əsas tapşırıqlardan hesab olunur.
Bildiyimiz kimi, sığorta bazarının inkişafı üçün mükəmməl qanunvericilik bazası ilə yanaşı, həm təbligat və maarifləndirmə işləri aktiv şəkildə icra olunmalı, eyni zamanda peşəkar mütəxəssislərin yetişdirilməsi prosesi davamlı şəkildə aparılmalıdır. Göstərilən işlərin yerinə yetirilməsində ASA Tədris Mərkəzinin üzərində də müəyyən bir həcmdə məsuliyyət vardır. Belə ki, bu günkü bazarın çağırışlarına uyğun olaraq, sığortanı əhatə edən müxtəlif mövzularda təlimlərin təşkil olunması, yeni təlim proqramlarının yaradılması, sığorta peşəkarlarının yetişdirilməsi və sığorta mütəxəssislərinin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlərin təşkil olunması, bu məqsədlə yerli və xarici təlimçi-ekspertlərlə əməkdaşlığın genişləndirilməsi kimi fəaliyyət növləri Mərkəzimiz tərəfindən həyata keçirilməkdədir. Bununla yanaşı sığorta bazarının inkişaf etdirilməsi üçün, bazar iştirakçıları ilə birgə sığorta sahəsində tədqiqat işlərinin aparılması və aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq müvafiq tövsiyyələrin verilməsi kimi vacib bir missiya hal-hazırda davamlı şəkildə icra olunmaqdadır. Əlavə olaraq, qeyd etmək istəyirəm ki, Mərkəzimiz tərəfindən məsləhət xidmətlərinin aparılması gələcəkdə sığorta şirkətlərinin fəaliyyətinə müsbət təsir etmiş olacaqdır. Göstərilən işlərin daha effektiv aparılması və nəticələrin daha məhsuldar olması üçün komandamızın daimi əsasda möhkəmləndirilməsi əsas hədəflərimizdən hesab olunur.
Əziz dostlar, dəyərli həmkarlar, sizləri Mərkəzimizin xidmətlərindən faydalanmağa və birgə əməkdaşlığa dəvət edirəm. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, gələcəkdə sizlərlə quracağımız əməkdaşlıq və birgə həyata keçirəcəyimiz hər bir layihə həm sığorta bazarının inkişafı üçün, həm də cəmiyyətimiz üçün çox faydalı olacaqdır!
Sizə dərin hörmətlə,
ASA Tədris Mərkəzinin direktoru, Pərviz Quliyev