Bakı Biznes Universitetində sığorta mövzusunda maarifləndirmə təlimi
Noyabr ayının 28-də ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin iştirakı ilə Bakı Biznes Universitetinin tələbələri üçün sığorta mövzusunda maarifləndirici seminar təşkil olunmuşdur. Təşkil edilmiş bu seminar ASA Tədris Mərkəzinin sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlərdən hesab olunur və əsasən sığortanın gənclər arasında tanıdılması məqsədi daşıyır. Seminarda adıçəkilən universitetin 60-a yaxın tələbəsi iştirak etmişdir.
Tədbir zamanı Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin fəaliyyəti barədə tələbələrə məlumat verilmiş, həmçinin Azərbaycan sığorta bazarının mövcud vəziyyəti və sığorta məhsulları haqqında geniş təqdimat edilmişdir. Daha sonra tədbir tələbələri maraqlandıran suallar əsasında müzakirələrlə davam etdirilmişdir.
Müzakirələrdə aktiv iştirak edən tələbələrə ASA Tədris Mərkəzi tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Maarifləndirici seminar tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.