Əsas səhifə // Bloq // Sığorta agentlərinin fəaliyyətinə həsr olunmuş tədqiqat işi aparılıb
30.06.2026

Sığorta agentlərinin fəaliyyətinə həsr olunmuş tədqiqat işi aparılıb

Sığorta agentlərinin fəaliyyətinə həsr olunmuş tədqiqat işi aparılıb


Azərbaycanın sığorta sektoru ilə bağlı növbəti tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.

Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədqiqat işi “Sığorta agentlərinin yerli sığorta bazarının inkişafında rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub.


Tədqiqatın əsas məqsədi sığorta agentlərinin ölkənin sığorta bazarındakı mövcud rolunu qiymətləndirmək, onların fəaliyyətinin bazarın inkişafına təsirini araşdırmaq, qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək və bu sahənin inkişaf perspektivlərini təhlil etməkdən ibarət olub.


Layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev bildirib ki, sığorta agentləri sığorta xidmətlərinin əhali arasında təşviqi, sığorta maarifləndirməsinin artırılması və müştərilərlə sığorta şirkətləri arasında əlaqələrin qurulmasında mühüm rol oynayırlar. Bununla yanaşı, agent fəaliyyətinin səmərəliliyinə təsir edən amillərin müəyyənləşdirilməsi və onların inkişaf imkanlarının araşdırılması məqsədilə bu tədqiqatın aparılmasına ehtiyac yaranıb.


Araşdırma çərçivəsində vətəndaşların sığorta agentlərinə etimad səviyyəsi, agentlər vasitəsilə əldə olunan sığorta məhsullarının payı, agent xidmətlərinin keyfiyyətinə münasibət, agentlərin peşə hazırlığı və bazarın inkişafına təsiri ilə bağlı məsələlər də öyrənilib. Tədqiqat işində həmçinin sığorta məhsullarının satışında agent kanalının üstünlükləri və inkişaf potensialı qiymətləndirilib.


Tədqiqatın nəticələrinin sığorta agenti institutunun gücləndirilməsi, peşəkar agent şəbəkəsinin inkişaf etdirilməsinə töhfə verəcəyi gözlənilir.