Əsas səhifə // Bloq // Sığortaya dair ikinci tədqiqat işi təqdim olunub
15.05.2025

Sığortaya dair ikinci tədqiqat işi təqdim olunub

02.05.25 tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin və ASA Tədris Mərkəzinin “Həyat sığortasının insan həyatında rolu” mövzusunda apardığı ikinci tədqiqat işinin təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimini giriş sözü ilə açan ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tədqiqatın aparılma məqsədi, metodologiyası və mümkün töhfələri haqqında məlumat verib.

Tədqiqatçı İlahə Ümidli tədbir iştirakçılarına araşdırmanın nəticələrini nümayiş etdirib, bildirib ki, tədqiqat işinin gedişində əsas suala: “Niyə Azərbaycanda əhalinin həyat sığortası məhsullarına kütləvi marağı yoxdur?" və digər bu kimi suallara cavablar axtarılıb.

Tədqiqat prosesində Azərbaycan Mərkəzi Bankı və həyat sığorta şirkətləri ilə əməkdaşlıq edilib.

Tədqiqata 1011 nəfər əhali, 146 nəfər sığorta şirkətlərinin əməkdaşları, 32 nəfər peşəkar sığorta eksperti cəlb edilib.

Təqdimat mərasimində iştirak edən şirkət rəhbərləri və nümayəndə heyəti tədqiqatın nəticələrinin sığorta şirkətlərinin biznes strategiyalarında nəzərə alınmasının və həmin nəticələrə uyğun müvafiq layihələrin həyata keçirilməsinin vacibliyini bir daha vurğuladılar.

2025-ci il ərzində Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi tərəfindən sığorta sahəsində daha iki tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.